ӘN VACİB İBADӘTLӘRDӘN BİRİ: TӘBLİĞ
Allah Quranda iman gətirәnlәr üçün әn vacib ibadәtlәrdәn birinin tәbliğ, yәni Quranda bildirilәn hәqiqәtlәri insanlara anlatmaq vә imana dәvәt etmәk olduğunu bildirir. Belә ki, bu ibadәt müsәlmanın bütün hәyatına şamil olunur. Mömin sözlәri, halı, davranışı ilә hәyatının hәr anında Allahın dinini insanlar arasında yaymaqla vә İslamı tәmsil etmәklә mәsuldur. Möminlәrin öz aralarındakı söhbәtlәri dә, әslindә, qarşılıqlı tәbliğdir. Onlar bir-birilәrini Quranda bildirilәn hökmlәrә tabe olmağa vә Quranda tәsvir edilәn әxlaqı yaşamağa dәvәt edirlәr. Qısaca, möminin әsas üslubu tәbliğdir.
De: “Haqq gәldi, batil puç olub getdi. Hәqiqәtәn dә, batil puçluğa mәhkumdur!”
(İsra surәsi, 81)
TӘBLİĞ EDӘN MÖMİNİN ÖZÜNÜ TӘQDİM ETMӘSİ
“Şübhəsiz ki, mən sizin üçün etibar olunası, bel bağlanası bir peyğəmbərəm!” (Şüəra surəsi, 107)
Cahil cəmiyyətdə insanlar bir-biri ilə yalnız mənfəət xatirinə münasibət qurur və birinin digərinə qayğı göstərməsinin səbəbi də ancaq mənfəətdir. Üstəlik bu vəziyyət cahil cəmiyyətin bir çox üzvü tərəfindən normal qəbul edilir. Nəticədə, bu insanlar onlara göstərilən münasibətin müqabilində “görəsən, məndən nə mənfəət gözləyir” şəklində fikirləşirlər. Əgər kimsə qarşısındakı insanda yeni “dünyagörüşü” yaratmağa çalışsa belə, əvvəlki düşüncəsi eyniylə qalır. Həmişə “mənə bunu başa salmaqda nə marağı var” sualı ağıllarının bir küncündə durur.
Ancaq möminin təbliğdə, yəni Allahın dinini yaymaqda yeganə məqsədi Allahın ona fərz etdiyi ibadəti yerinə yetirməkdir. Bu hərəkəti ilə sadəcə Allahı razı salmağı, Onun mərhəmət və sevgisini qazanmağı hədəf almışdır. Bu səbəbdən də danışdığı insandan heç bir mənfəət gözləməz. Əlaqə qurduğu insan dini qəbul etdiyi zaman ondan özü üçün heç bir qarşılıq istəməz. Çünki anlatdıqları öz şəxsi fikirləri deyil, kainatı yoxdan var edən Allahın dinidir.
Cahil insanlar bütün bunlardan xəbərsizdirlər, qarşılarındakı insanın mömin olduğunun belə çox vaxt fərqində olmurlar. Fərqində olsalar belə, möminin əsla mənfəət gözləmədiyini bilməzlər. Bu səbəbdən bir mömin təbliğ məqsədi ilə onlara yaxınlaşaraq Allahın dinini anlatmaq istəsə, böyük ehtimalla “bu insanın bunları deməkdə məqsədi nədir, məndən nəsə umur” kimi düşüncələrə qapılacaqlar.
Buna görə də qarşı tərəfi bu düşüncələrdən çəkindirmək təbliğdəki ən vacib məsələlərdən biridir. Ünsiyyət qurduğu insana heç bir mənfəətinin olmadığı, təbliğdəki yeganə məqsədinin Allahın rizası olduğu başa salınmalıdır.
Peyğəmbərlər da təbliğlərində bu üsuldan istifadə etmişdir. Quranda peyğəmbərlərin qövmlərinə xitablarına baxdıqda onların öz qövmlərinə əvvəlcə etibarlı olduqlarını vurğuladığı görünür. Məsələn, Ad qüvmünə göndərilən hz.Hud belə demişdir:
“...Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Siz isə Allaha şərik qoşmaqla yalnız iftiraçısınız! Ey camaatım! Mən buna görə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatımı vermək yalnız məni yaradana aiddir. Məgər dərk etmirsiniz?” (Hud surəsi, 50-51)
Hz.Nuh isə ona “...Biz sizi yalançı hesab edirik...” (Hud surəsi, 27) deyən qövmünə qarşı belə söyləmişdi:
“Dedi: “Ey camaatım! Bir deyin görək. Əgər mən Rəbbimdən açıq-aydın bir dəlilə istinad etsəm, Rəbbim mənə Özündən bir mərhəmət bəxş etsə və o sizə gizli qalsa; istəmədiyiniz halda, biz sizi ona məcburmu edə bilərik?! Ey camaatım! Mən peyğəmbərliyi təbliğ etməyə görə sizdən bir mal, mükafat istəmirəm. Mənim mükafatımı vermək ancaq Allaha aiddir...” (Hud surəsi, 28-29)
Təbliğ edilən insanın hüzursuzluğuna mənfəət şübhəsi ilə yanaşı, digər amillər də səbəb ola bilər. Cahil cəmiyyətdə “zərərli” və “təhlükəli” insanlarla qarşılaşdıqda onlardan uzaq olmağa və onlarla təmkinli davranmağa adət edilib. Buna görə də həmin insan bu refleksin bir nəticəsi olaraq, bəlkə möminlərdən də çəkinə bilər. Sanki ona zərər verəcək insanla qarşılaşırmış kimi yersiz və mənasız şeylər düşünə bilər. Xüsusilə də, möminlərin inkarçıların qabaqcıllarına qarşı irəli sürdükləri fikri mübarizədən narahat olub müdafiə psixologiyasına qapıla bilər.
Bu vəziyyətdə də qarşı tərəfin bütün qorxularını bir-bir dəf etmək lazımdır. Əgər qarşı tərəf möminlərin inkarçıların öndə gedənlərinə qarşı apardığı fikri mübarizədən qorxubsa, əvvəlcə bunun məntiqi Quran ayələrinə əsaslanaraq açıqlanmalıdır. Möminlərin yalnız Allahın dininə düşmənçilik edən, Quran ayələrinə qarşı mübarizə aparan və yer üzündə fitnə-fəsad törədən insanlara qarşı mübarizə apardıqları və bütün insanlara ədalət, xoşniyyət və hörmət çərçivəsində dost kimi yaxınlaşdıqlarından bəhs edilməlidir.
Təbliğ edilən insan inkar edənlərin iman gətirənlər əleyhinə uydurduğu böhtanlardan da təsirlənə bilər. Əgər bundan yaranan bir narahatçılıq müşahidə edilərsə, bu böhtanların mahiyyəti ona izah edilməli və onların həqiqətlə heç bir əlaqəsinin olmadığı, bu böhtanların uydurma olduğu açıqlanmalıdır. Tarix boyu bütün elçilərə və saleh möminlərə atılan böhtanlarla bağlı ayələr Qurandan dəlil kimi göstərilməli, bunların mömin əlaməti olduğu bildirilməlidir.
Lakin unutmamalıyıq ki, sözlə ediləcək bütün bu açıqlamaları daha təsirli edəcək əsas şey möminin görünüşüdür. Etibar qazanmaq hər şeydən əvvəl hərəkətlərlə, baxışlarla, mimikalarla, yəni bütün bunları göstərən ruh halı ilə mümkündür. Mömin qarşı tərəfə dini yaşamaqda qərarlılığı, ixlası, səmimiyyəti və güclü imanı ilə təsir göstərə bilər. Mömin qərarlılığa, əsla sarsılmayacaq səbat və əzmə sahib olduğu müddətcə qarşı tərəfin şübhələri, yaxud da cahiliyyə sisteminin atdığı böyük iftiralar ona heç bir mənfi təsir göstərə bilməz. Belə olduqda etibarlı xarakterə sahib olar və bu, bütün hərəkətlərində özünü göstərər.
Bu hal Allahın dinini anlatmaqla vəzifələndirdiyi elçilərində açıq şəkildə görünür. Məsələn, hz.Yusif (əs) zina böhtanı ilə günahlandırılaraq boş yerə zindana atılsa da, Allaha olan təslimiyyətini, təmkinliliyini və alicənablığını qorumuşdur. Onun bu vəsfini zindandakı digər məhkumlar da hiss etmişdir. Qurana görə zindanda olduğu zaman ona iki nəfər yaxınlaşmış, gördükləri yuxunu söyləyərək bunların yozumunu bildirməsini istəmişlər. Zina kimi bir ittihamla məhkum olunmuş hz.Yusifdə belə bir hikməti görmələrinin yeganə səbəbi isə hz.Yusifin görkəmindəki və hərəkətlərindəki etibarlılıqdır. Yuxularının yozumunu soruşarkən belə deyərlər: “...Gəl bu yuxunu bizə yoz. Biz, həqiqətən, sənin yaxşı adamlardan olduğunu görürük”. (Yusif surəsi, 36)
Möminin belə təmkinli və güvənilir olmasındakı ən əsas amillərdən biri təbliği sadəcə bir ibadət kimi qəbul etməsi və qarşı tərəfi inandırmaq kimi məcburiyyətinin olmadığını bilməsidir. Çünki bir insanın iman gətirib-gətirməməsi “Allah kimi düz yola yönəltmək istəsə, onun köksünü İslam üçün açıb genişləndirər, kimi azdırmaq istəsə, onun ürəyini daraldıb sıxıntıya salar...” (Ənam surəsi, 125) ayəsinin sirri ilə ancaq Allahın diləməsi ilə olur və “...doğrudan da, insanların çoxu fasiqlərdir” (Maidə surəsi, 49) hökmünə görə də insanların bir qisminin iman gətirməməsi çox təbiidir. Bu halda, təbliğ etmək istədiyi insanın iman gətirməməsi möminə qətiyyən təsir etməməlidir. Mömin sadəcə öz borcunu yerinə yetirib dini təbliğ etməklə və insanları imana dəvət etməklə məsuldur. Bir insana hidayət vermək isə ancaq Allaha məxsusdur. Bu sirri bilən mömin qarşı tərəfi yola gətirmək üçün heç vaxt yersiz təkid etməz. Həmçinin təbliğin insan üçün önəmli olduğunu xatırlatmaq da çox mühümdür. Təbliğ edilən bəzi insanlar cahilliklərinə görə təbliğə müsbət qarşılıq verərək dinə tabe olmaqla böyük “lütf" edəcəklərini zənn edirlər. Möminlərin onlarla maraqlanmasını da “yüksək keyfiyyətləri” ilə əlaqələndirir və iman gətirməklə ona təbliğ edənlərə çox böyük “yaxşılıq” edəcəyini düşünürlər. Bu cılız məntiq həmin insanın cəhalətinin və ağılsızlığının nəticəsidir. Quranda da bu mövzuya diqqət çəkilir:
“Onlar İslamı qəbul etdiklərinə görə sənə minnət qoyurlar. De: “Müsəlman olduğunuzla mənə minnət qoymayın! Xeyr, əgər doğru deyirsinizsə, bilin ki, sizi imana müvəffəq etməklə, əslində, Allah sizin boynunuza minnət qoymuş olur!”” (Hucurat surəsi, 17)
Bir insanın iman gətirməsi yalnız onun lehinədir və insan bilməlidir ki, iman gətirməyə özünün ehtiyacı var. Allahın heç bir şeyə ehtiyacı olmadığı kimi, kiminsə iman gətirməsinə də ehtiyacı yoxdur. Amma hər kəs imana və Allahın rizasını qazanmağa möhtacdır. Təbliğ edilən şəxsə bu həqiqət açıqlanmalı və müsəlman olmaqla dinə böyük qazanc gətirəcəyini düşünüb özünü çox “qiymətli” insan kimi görməsinin nə qədər yanlış və ağılsız fikir olduğu başa salınmalıdır. Bilməlidir ki, özü ilə fəxr etmək çox böyük xətadır. Çünki yaşadığı cahil dünya həyatına görə “alov çuxuru”nun kənarındadır. Onu oradan çıxarıb əbədi qurtuluşa aparacaq yeganə çıxış yolu isə İslamdır. Buna görə də ona edilən bu dəvət əslində çox böyük nemət, çox böyük lütfdür.
Möminlərin onlarla maraqlanması onlar üçün şərəfdir. Bu, ona bildirilməli, İslamla tanışlığın Allahın ona bəxş etdiyi lütf olduğu izah olunmalıdır. Möminlərin onlarla boş yerə maraqlanmadıqlarını, Allahın dinini təbliğ edən və onları bir tərəfdən əbədi qurtuluşa çağırarkən, digər tərəfdən də əbədi cəhənnəm əzabı ilə xəbərdar edən kimsə olduqlarını bilməlidir.
Cahil cəmiyyətin yuxarıda saydığımız instinkt və refleksləri səbəbindən yaranan əngəllər aradan qalxaraq möminə hörmət və etibar göstərilərsə, artıq əsl məsələyə, yəni Allahın Quranda bildirdiyi həqiqətlərindən bəhs etməyə keçə bilərik. Çünki bütün bu hazırlıqlar nəticə olaraq dini daha gözəl şəkildə anlamaq üçündür.
Allahın tanıdılması
“Səmud qövmünə də qardaşları Salehi peyğəmbər göndərdik. O dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. O sizi yerdən yaradıb orada sakin etdi. Bağışlanmanızı diləyin, sonra da Ona tövbə edin. Həqiqətən, Rəbbim yaxındır, duaları qəbul edəndir!”” (Hud surəsi, 61)
Cahil cəmiyyətdəki Allah inancının Qurandakı əsli ilə heç bir uyğunluğu yoxdur. Cahiliyyə öz prinsiplərinə uyğun, doğru olmayan, nağıla bənzər mifoloji Allah inancı yaratmışdır. Allahın kainatı və insanları bir dəfə yaratdıqdan sonra onları özbaşına buraxaraq kosmosun bir küncündə “oturduğunu” - Allahı tənzih edirik - düşünürlər. Zehinlərində qurduqları bu azğın və yanlış inanc Allahı unutmalarına, Onun böyüklüyünü layiqincə qavramamalarına səbəb olmuşdur.
Hz.Şüeyb peyğəmbər də qövmünün bu yanlış inancına diqqət çəkərək “...Ey qövmüm! Məgər mənim əşirətim sizə Allahdan da əzizdir ki, Onu unudub saymırsınız?...”,- deyir və Allahın gerçək zatını belə açıqlayır: “...Həqiqətən, Rəbbim nə etdiklərinizi biləndir!” (Hud surəsi, 92)
Allah bu insanların dilində “Allah göstərməsin”, “İnşaAllah”, “Allah uzaq etsin” kimi sözlərlə arabir zikr edilən, amma haqqında heç vaxt düşünülməyən mücərrəd anlayış kimidir. Allahın varlığını və gücünü dilləri ilə qəbul etsələr də, əslində buna səmimi şəkildə inanmırlar. Bu hal Allah üçün fədakarlıq etməli olduqları zaman özünü büruzə verir. Dara düşdükdə, yaxud da hər hansı bir mənfəət itkisinə məruz qalacaqlarını anladıqları vaxt dərhal inkar edənlərlə birləşib öz səmimiyyətsizliklərini göstərirlər. Cahil cəmiyyətin böyük əksəriyyəti isə açıq şəkildə Allahın varlığını inkar edib Quran ayələrinə qarşı mübarizə aparır. Bəziləri bu inkarlarını materialist fəlsəfə, yaxud da təkamül fərziyyəsi ilə əsasaslandırırlar. Özlərini “müasir, çağdaş, elmli, intellektual” və s. kimi insanlara təsir edən adlarla tanıdan və Allahı inkar etməklə “şəxsiyyət” qazandıqlarını zənn edən bu zavallılar həqiqətdə Allahın varlığını görüb qavramayacaq qədər düşüncəsizdirlər.
Cahil cəmiyyətin bu iki ayrı qrupuna ediləcək təbliğ, əslində, eynidir. Hər ikisinə də Allahın varlıq dəlillərindən bəhs edilərək, zehinlərini batil inanclardan təmizləyərək həqiqətləri görmələri üçün səy göstəriləcək.
Ancaq inkarlarına ideoloji əsas gətirənlər üçün əvvəlcə bu ideologiyaların kökü çürüdülməlidir. Məsələn, kor-koranə şəkildə inandıqları təkamül fərziyyəsi daxilindəki ziddiyyətlər və cavabsız suallar önə sürülə bilər. İnsan inandığı bu sistemin, əslində, yalan olduğunu görməlidir.
Bu mərhələdən sonra görüləcək iş hər iki qrup üçün eynidir. Cahil sistemin batil fikirləri ilə düşünmə və mühakimə qabiliyyətini itirmiş, ağılları qapanmış bu insanlar, bəlkə də, həyatlarında ilk dəfə Quranda buyrulduğu kimi düşünməyə dəvət ediləcəklər. İllər boyu yedikləri meyvənin, içdikləri suyun, nəfəs aldıqları havanın necə yarandığını düşünməyə başlayacaqlar. Sahib olduqları bədənin, gözlərin, qulaqların, ürəklərin necə və kim tərəfindən yaradıldığını fikirləşməyə sövq ediləcəklər. Onu da qeyd etmək lazımdır ki, Quranda insana düşünmək üçün yol göstərilir və nəyi düşünməyin vacib olması tez-tez vurğulanır. Məsələn, “Vaqiə” surəsində insana belə səslənilir:
“Bəs bətnlərə axıtdığınız nütfəyə nə deyirsiniz? Ondan insan yaradan sizsiniz, yoxsa Biz?! Sizin aranızda ölümü əvvəlcədən Biz müəyyən etdik və Biz əsla aciz deyilik; sizi yox edib yerinizə sizin kimiləri gətirməkdən və sizi özünüz də bilmədiyiniz başqa bir şəkildə yaratmaqdan! And olsun ki, siz ilk yaradılışı (dünyaya necə gəldiyinizi) bilirsiniz. Elə isə heç düşünmürsünüz?! Bəs əkdiyinizə nə deyirsiniz? Onu bitirən sizsiniz, yoxsa Biz?! Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də mat-məəttəl qalıb: “Biz ziyana uğramış, bəlkə, məhrum olmuş kimsələrik!”,- deyərdiniz. Bəs içdiyiniz suya nə deyirsiniz? Onu buluddan endirən sizsiniz, yoxsa Biz?! Əgər istəsəydik, onu acı edərdik. Elə isə niyə şükür etmirsiniz? Bəs yandırdığınız oda nə deyirsiniz? Onun ağacını yaradan sizsiniz, yoxsa Biz? Biz onu ibrət dərsi və səhrada olan müsafirlərin faydalanması üçün yaratdıq. Belə olduqda sən ulu olan Rəbbinin adını müqəddəs tutub zikr et!” (Vaqiə surəsi, 58-74)
Təbliğ ediləcək insan ilk əvvəl bu məntiq üzərində düşünməyə başlamalıdır: nizam və ya estetikaya sahib heç bir şey təsadüfən, yaxud öz-özünə yaranmaz. Əgər bir yerdə nizam, balans, dizayn və estetikaya sahib bir şey varsa, bu mütləq ağıl sahibi varlıq tərəfindən dizayn edilmiş və meydana gətirilmiş deməkdir. Bir kağızın üzərinə çəkilmiş düzgün həndəsi fiqur, yaxud düzgün yazılmış hərf görən insan bunların ağıl sahibi insan tərəfindən çəkildiyinə əmindir. Çox böyük plan və tarazlıq üzərində qurulmuş kainat da, şübhəsiz ki, yüksək ağıl sahibi Yaradıcı tərəfindən yaradılmışdır. O Yaradıcı hər şeyin sahibi olan Allahdır.
Ümumiyyətlə, gözümüzlə gördüyümüz, qulağımızla eşitdiyimiz, ya da hiss etdiyimiz hər şey bizə yerlərin və göylərin sahibi olan Yaradıcını, yəni Allahı tanıdır. Allah Öz sifətlərini təzahür etdirmək üçün əşyanı var etmişdir. İnsanın kainatı əhatə edən qüsursuzluq və sonsuz gözəlliklər üzərində ətraflı düşünməsi bu açıq həqiqəti anlaması üçün kifayətdir. Çünki onu əhatə edən yaradılış dəlilləri bu möhtəşəm nizamın bir sahibinin olduğunu açıq şəkildə göstərir.
Təbliğ edilən şəxs bu anlayışa sahib olduqdan sonra Quran əxlaqının anladılması daha da asanlaşacaq. Şəxsə danışılanlar bu andan etibarən bir şey ifadə etməyə başlayacaq, beynindəki qarışıq fikirlər öz yerini tapacaq.
Axirətin xatırladılması
“Qorxun o gündən ki, heç kəs heç kəsin karına gələ bilməsin, heç kəsdən şəfaət qəbul olunmasın, heç kəsdən fidyə alınmasın və onlara heç bir kömək göstərilə bilməsin!” (Bəqərə surəsi, 48)
Cahil cəmiyyətdəki insanların əsas imani problemlərindən biri axirətin varlığına yetərincə inanmamalarıdır. Axirəti, varlığı şübhəli olan “təmənna” kimi görürlər. Sanki həqiqətdə belə bir şey yoxdur, insanlar bunu ölüm mövzusunda özlərinə təsəlli vermək üçün “uydurmuşlar”. Belə ki, inkarçı sistemin ideoloqları bu ideyanı tez-tez irəli sürürlər.
Cahil cəmiyyətin axirətə olan imani zəifliyinin ən böyük göstəricisi ölüm haqqında danışıldıqda, yaxud da bir yaxınları öldükdə göstərilən rəftardır. İnkar edənlər ölüm haqqında danışmağı heç sevməz, bu mövzudan söz düşəndə onu tez bağlamaq və ya başqa bir mövzuya keçmək istəyərlər. Axirətə qəti şəkildə inanan insan, yəni mömin isə ölüm qarşısında əsla kədərlənməz. “Həyatı Allah verib və yenə O geri alır. Bunun üçün pis olmağa dəyməz. Ölən insan yoxluğa deyil, əbədi yurduna gedir”- deyər.
Ancaq axirətə olan inamsızlıq cahilin axırına çıxır. Bir yaxınları öldükdə bir-birinə “kədərlənmə, yaxşı insan idi, inşaAllah cənnətə gedər” kimi Quran məntiqinə uyğun sözlər deyirlər, amma heç biri həqiqətən axirətə iman gətirmədikləri üçün bu sözləri səmimi demirlər. Qəlblərində dünyanın reallıq, axirətin isə rəvayətdən başqa bir şey olmadığına dair cılız və yanlış inancları var. Qurandakı ifadə ilə desək, “Onlar dünya həyatının zahirini bilirlər, axirətdən isə xəbərsizdirlər” (Rum surəsi, 7)
Halbuki axirət həqiqətin özüdür, aldadıcı və şübhəli olan bir şey varsa, o da dünya həyatıdır. Cəhənnəm əhlindən “...Yer üzündə neçə il qaldınız?”,- deyə soruşulduqda onlar “bir gün, yaxud bir gündən də az!”,- deyə cavab verəcəklər. Bunun müqabilində Allah buyuracaq: “Əgər bilirsinizsə, siz (orada) çox az qaldınız! Yoxsa sizi əbəs yerə yaratdığımızı və hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz?” (Muminun surəsi, 112-115)
Allah insanın bütün nəfsi istəklərini nemətləri ilə qarşılayır. Məsələn, insan yemək və içmək istəyir. Allah yeməklər və içkilər yaratmışdır. İnsan qarşılıqlı sevgi, hörmət və ünsiyyətdən çox böyük zövq alır. Allah insanları, qadını və kişini yaratmışdır. İnsan gözəllik, estetika sevir. Allah bütün kainatı və dünyanı əbədi gözəlliklərlə bəzəmişdir. Qeyd etmək lazımdır ki, Allah insana bir neməti vermək istədikdə əvvəlcə o nemətə qarşı istək yaradır. Bir İslam alimi bunu “bəxş etmək istəməsə, istək yaratmazdı” sözü ilə ifadə edir.
Bütün bunlarla yanaşı, insan sonsuza qədər yaşamaq istəyir. Amma inkar edənlərin məntiqinə görə, bu istək ölümə görə reallaşa bilmir. Halbuki bu onların batil və yanlış düşüncəsidir. Allah axirəti və insanı əbədi həyat üçün yaratmaqla insanın bu istəyini də cavabsız qoymamışdır. Ölüm sadəcə keçid qapısıdır. İnsanın müvəqqəti və aldadıcı yurd olan dünyadan axirətə doğru səfərinin ilk mərhələsidir. Əsl olan ruhdur, bədən deyil. Ölümlə birlikdə ruh canlı qalır, ancaq görünüş dəyişir.
İnsanların etdikləri əməllərinə görə cəza və mükafat alması da axirətdə olur. Dünya həyatında mömin çətin vəziyyətlərlə üzləşərkən inkar edənlər çox böyük zənginlik, rahatlıq içində həyatlarını davam etdirə bilirlər. Bu, dünya həyatındakı imtahandır. Ancaq Allahın sonsuz ədaləti möminin mükafatlandırılmasını, inkar edənlərin isə əzaba düçar edilməsini buyurur. Məhşər günü haqq-hesab görüləcək və mömin üçün cənnət, kafir üçün isə cəhənnəm əbədi məkan olacaqdır.
Təbliğ edilən insanın bu həqiqəti qavraması çox əhəmiyyətlidir. Çünki axirət Allahın varlığı ilə birlikdə imanın iki təməl mövzusundan biridir. Təbliğ edilən insana Quran ayələrinə əsaslanan açıq və təsirləndirici Quran təsviri edilməli, məhşər günü, haqq-hesab, cənnət və cəhənnəm təfsilatı ilə açıqlanmalıdır. Etdiyi hər əməli Allahın gördüyünü, məsul mələklər tərəfindən yazıldığını bilməli, axirətdə dünyada gördüyü hər işdən, hətta ağlından keçirdiyi hər düşüncədən sorğu-sual olunacağından agah olmalıdır.
Tövhid və şirkin izah edilməsi
“Sizin tanrınız bir olan Allahdır, Ondan başqa tanrı yoxdur. O, rəhmlidir, mərhəmətlidir”. (Bəqərə surəsi, 163)
“İnsanların içərisində Allahdan qeyrilərini şərik qoşub, onları Allahı sevən kimi sevənlər də vardır. Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir. Əgər zülm edənlərin vaxtında görəcəkləri əzabdan xəbərləri olsaydı, onlar bütün qüdrətin Allaha məxsus olduğunu və Allahın əzabının şiddətli olacağını bilərdilər”. (Bəqərə surəsi, 165)
Əslində, insanların əksəriyyəti Allaha inanır. Ancaq onları əsl iman yolundan azdıran şey özlərinə Allahdan başqa ilahlar seçmələridir. Bu, Quranda şirk (ortaq qoşmaq) adlanır. Şirk qoşanlara isə “müşrik” deyilir. İslamın əsası tövhiddir, yəni Allahı tək olaraq qəbul etmək və Ondan başqa heç bir varlığa qulluq etməmək.
Maraqlısı budur ki, Allahdan başqasına səcdə edənlərin, demək olar ki, hamısı müşrik olduqlarını qəbul etmirlər. Əksinə, müxtəlif açıqlamalarla ideal müsəlman olduqlarını söyləyirlər. Allahı qoyub bütləri özlərinə dost tutanlar üçün “...Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik...” (Zumər surəsi, 3) deyirlər. Şirk qoşduqlarını bu və ya buna bənzər üsullarla inkar etməyə çalışan müşriklərdən Quranda belə bəhs edilir:
“O gün onların hamısını bir yerə toplayacaq, sonra şərik qoşanlara deyəcəyik: “Tanrı olduqlarını iddia etdiyiniz şərikləriniz haradadır?” Onların: “Rəbbimiz Allaha and olsun ki, biz müşrik deyildik!” - deməkdən başqa heç bir çarələri qalmayacaq. Gör onlar özlərinə qarşı necə yalan deyirlər. Özlərindən uydurub düzəltdikləri bütlər də onlardan qeyb olacaq!” (Ənam surəsi, 22-24)
Dövrümüzün cahil cəmiyyəti də tam mənası ilə müşrik cəmiyyəti olduğu halda, bunu qəbul etmir və özlərini ideal müsəlman zənn edirlər. Çünki onların düşüncəsinə görə şirk qoşmaq yalnız taxtadan, daşdan düzəldilmiş bütlərin və ya totemlərin qarşısında səcdə etməkdən ibarətdir. Allahdan başqasına səcdə etməyi yalnız üçölçülü və cansız cisim qarşısında səcdə etmək olduğunu zənn edirlər.
Ancaq səcdə bir varlığa qulluq etməyin yalnız simvolik ifadəsidir və insan bir varlığın qarşısında səcdə etmədən də Ona qulluq edə bilər. Allaha aid olan sifətləri öz zehnindəki varlığa aid etməsi müşrik olması üçün kifayətdir.
Allah rizası axtarılmağa layiq olan yeganə varlıqdır. Buna baxmayaraq, əgər insan Allahdan başqa varlığın rizasını qazanmağa çalışırsa, məsələn, özünü insanlara bəyəndirməyə və onları xoşbəxt etməyə çalışırsa, onları özünə tanrı seçmiş olur. Allahdan başqa varlıqlardan kömək istəsə, mədət umsa, onlara səcdə etmiş olur. Həyatını Allahın qanunlarına görə deyil, digər varlıqların qanunlarına görə planlayırsa, o varlıqları “Rəbb” qəbul etmiş olur.
Bunun qarşılığında “müvahhid” (tək sayılan, şirk qoşmayan) mömin xarakteri Allahdan başqa bir Rəbb, maarifləndirici, dost, sahib və tanrı tanımır. Quranın ilk surəsi olan “Fatihə” surəsindəki “Yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik” (Fatihə surəsi, 4) ayəsi qəti imanın ifadəsidir.
Onsuz da insan fitrət (yaradılış) baxımından tövhidə inanmağa və tövhidə görə yaşamağa meyillidir. “Mən cinləri və insanları yalnız Mənə ibadət etsinlər deyə yaratdım” (Zəriyət surəsi, 56) hökmü insanın yalnız Allaha ibadət etməsi üçün yaradıldığından xəbər verir. Belə olduğu halda, insanın vəzifəsi yaradılış məqsədinə uyğun olaraq “müvahhid” şəkildə Allaha ibadət etməkdir. Bu insan fitrətinə uyğun olan ən asan yoldur. Quranda həmçinin belə bildirilir:
“Batildən haqqa tapınaraq üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə tərəf tut. Allahın dinini heç vəchlə dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların əksəriyyəti bilməz”. (Rum surəsi, 30)Təbliğ edilən insana izah edilməli ən vacib mövzu şirk və tövhiddir. Ona içindən çıxdığı cəmiyyətin müşrik olduğu açıqlanmalı, həqiqi imana qovuşmaq üçün isə özündə köklü dəyişiklik etməsinin və Allahın dinindən üstün tutduğu hər şeydən əl çəkməsinin vacibliyi bildirilməlidir.
Başa salmaq lazımdır ki, insanın hər hansı başqa bir varlığı deyil, öz istəklərini Allahın əmr və qadağalarından üstün tutması, öz ağlını Qurandan yüksək görməsi də açıq-aşkar şirkdir. Quranda belə insanlar “nəfsini tanrı edənlər ” (Furqan surəsi, 43) kimi təsvir edilir və Quran ayələrinə görə vəziyyətləri belə açıqlanır:
“Nəfsini özünə tanrı edən və Allahın bilərəkdən yoldan çıxartdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü? Allahdan başqa kim onu doğru yola sala bilər?! Məgər düşünüb ibrət almırsınız?” (Casiyə surəsi, 23)
İnsanı şirkdən xilas etmək üçün ona verilməli olan ən vacib məlumat isə maddənin əsl mahiyyəti ilə bağlı ətraflı məlumatdır. İnsan şirkdən canını qurtarmaq üçün Allahı hər şeydən üstün tutmalı, Onu hər şeydən çox sevməli və Onun hökmündən başqa heç bir hökmü qəbul etməməlidir. Bu isə cahil cəmiyyətin xarakter və ideologiyasını tamamilə alt-üst etməklə və Qurana əsaslanan xarakter və zehniyyət formalaşdırmaqla mümkündür. Təbliğ edilən insandan gözlənilən də elə budur, əks halda, din ona açıqlanmış, ancaq buna itaət etməmiş biri kimi çox böyük əzab çəkə bilər.
Ancaq daxilində bu “çevrilişi” etməsi üçün ona köməklik edilməlidir. İlkin olaraq həmin şəxsə həqiqi İslam izah edilməlidir. Çünki onun cahil cəmiyyətdə tanıdığı din xurafat və ədalətsizliklərdən ibarət azğın modeldir və bu səbəbdən İslama qarşı yanlış düşüncələrə qapılmış ola bilər. Yaxud dini heç tanımamış ola bilər. Bu səbəbdən dini ona ətraflı şəkildə açıqlamaq lazımdır.
Dinin izah olunması
1.Quran haqdır və dəyişdirilməmişdir
Dünyadakı istənilən insandan Qurani-kərim haqqında nə bildiyini soruşsanız, o sizə bunun İslam dininin müqəddəs kitabı olduğunu söyləyəcək. Bu düzgün cavabdır, ancaq yetərli deyil. Çünki Quran insanların böyük əksəriyyətinin zənn etdiyi kimi, sadəcə dünyaya müsəlman kimi gəlmiş və ya sonradan müsəlmanlığı qəbul etmiş insanlara xitab deyil, Allahın bütün bəşəriyyətə göndərdiyi və qiyamət günündə insanları sorğulayacağı kitabdır. Ancaq insanların bir qismi qiyamət günündə sorğulanacaqları kitab haqqında çox az məlumata sahibdirlər. Belə olduğu halda, bütün insanlar Quranın göndərilmə məqsədi və dinin hökmləri ilə bağlı xırdalıqları bilməli və bunları həyatlarına tətbiq etməlidirlər. İnsanın onu yaradan Rəbbinə qarşı məsul olduğu yeganə qaynaq Qurandır. Allah hesab günü insanları Qurandan sorğulayacağını "Zuxruf" surəsində belə bildirir:
Odur ki, sən özünə vəhy olunan (ayələrə) sarıl! Əslində, sən düz yoldasan. Doğrusu, bu (Quran) sənin üçün və sənin xalqın üçün bir şərəfdir. Siz sorğu-suala tutulacaqsınız. (Zuxruf surəsi, 43-44)
Quran Allahın kəlamıdır. Quran özündən əvvəl endirilmiş müqəddəs kitabları təsdiqləyir və haqqla batili ayıran kitabdır. Quran bütün inananlar üçün rəhbərdir və bənzərsizdir.
Quranın haqq kitab olduğunun danılmaz həqiqət olmasına baxmayaraq, tarix boyu bunu inkar edən insanlar olmuşdur. Bu insanların iddialarından biri Quranın Peyğəmbər (səv) tərəfindən yazılması və ya özlərinin belə bir kitab yaza biləcəkləri ilə bağlıdır. Allahın və Quranın bənzərsizliyini qəbul etməmək üçün bu cür azğın fikirlər söyləyən insanların bu səyləri hər dəfə böyük uğursuzluqla nəticələnmişdir. Həmçinin Allahın sözü olan Quranın haqq və misilsiz kitab olması ilə bağlı ayələr belədir:
“De: “Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qurana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər””. (İsra surəsi, 88)
“Bu Quran Allahdan başqasına yalandan aid edilə bilməz. Lakin o özündən əvvəlkiləri təsdiq və kitabı ətraflı izah edər. Onun aləmlərin Rəbbi tərəfindən nazil edilməsinə heç bir şübhə yoxdur! Yoxsa: “Peyğəmbər onu özündən uydurdu!” - deyirlər. De: “Əgər doğru deyirsinizsə, ona bənzər bir surə gətirin və Allahdan başqa, kimə gücünüz çatırsa, onu da çağırın!” Xeyr, o kafirlər elmini qavraya bilmədikləri və hələ yozumu onlara gəlib çatmamış Quranı yalan hesab etdilər. Onlardan əvvəlkilər də təkzib etmişdilər. Bir gör zalimlərin axırı necə oldu!” (Yunis surəsi, 37-39)
Əslində, təbliğdəki əsas hədəf bəhsi keçən insanların Quranı özlərinə rəhbər seçməsidir. Əks halda, gerçək imandan və qurtuluşdan danışmaq olmaz. İnsan cahiliyyə əxlaqının bütün şifahi və ya yazılı qanunlarından uzaqlaşaraq özünə yalnız Quranı rəhbər seçən və Quranın hər hökmünə itaət edən möminə çevrilməlidir.
Bunun üçün də əvvəlcə Quranı tanımalı və onun Allahın sözü olduğuna inanmalıdır. Bu səbəbdən təbliğ edilən şəxsə Quranın Allahdan vəhy olduğuna və bircə hərfinin belə dəyişdirilmədiyinə dair açıq sübutlar gətirilməlidir.
“Rəbbinin kəlamı həm doğruluq, həm də ədalət baxımından tamamlanmışdır. Heç kəs Onun kəlmələrini dəyişə bilməz". (Ənam surəsi, 115) ayəsindən də göründüyü kimi, Quran Allah tərəfindən endirilmişdir və Onun tərəfindən qorunur. Bunu Allah “Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq.” (Hicr surəsi, 9) ayəsi ilə də xəbər verir.
Quranın qorunduğunun ən mühüm dəlillərindən biri içində heç bir ziddiyyət və uyğunsuzluğun olmamasıdır. 23 il ərzində müxtəlif hadisələrə və şərtlərə əsasən endirilən ayələrin heç biri digəri ilə ziddiyyət təşkil etmir. Bu vəziyyətə Allah bu ayə ilə diqqət çəkir:
“Məgər onlar Quran barəsində düşünmürlərmi? Əgər o, Allahdan başqası tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar”. (Nisa surəsi, 82)
Bir başqa ayəyə görə də, "Kitabı Öz quluna nazil edən və onda heç bir nöqsana yol verməyən Allaha həmd olsun!" (Kəhf surəsi, 1). Əksini söyləyənlərə verilən cavab isə açıqdır: “Əgər doğru danışırsınızsa, ona bənzər bir surə də siz gətirin və Allahdan başqa kimi bacarırsınızsa, (köməyə) çağırın!” (Yunis surəsi, 38). Allahın haqq dinini bildirdiyi Quran elə bir kitabdır ki, “Əgər insanlar və cinlər bu Qurana bənzər bir şey gətirmək üçün (bir yerə) toplaşıb, bir-birinə kömək etsələr də onun bənzərini gətirə bilməzlər”. (İsra surəsi, 88)
2. Ölçü Qurandır
Onlar cahiliyyə (dövrünün) hökmünümü istəyirlər? Qəti inanan bir camaat üçün Allahdan daha yaxşı hökm verən kim ola bilər? (Maidə surəsi, 50)
İnsanlar Allah rizasını və cənnəti yalnız Qurana iman gətirdiklərini söyləməklə qazana bilməzlər. Bunun üçün insan gündəlik həyatının hər anında Quranı rəhbər tutaraq bu əxlaqı yaşamalıdır. Əgər kitabın içindəkiləri bilib tətbiq etməsə, halı “Tövrata əməl etməyə mükəlləf olduqdan sonra ona əməl etməyənlər belində çoxlu kitab daşıyan ulağa bənzərlər...” (Cümə surəsi, 5) ayəsindəkinə bənzəyər. Əsas məsələ hər mövzuda Qurana görə düşünərək cahil cəmiyyətin adət və ənənələrini rədd etməkdir.
İnsan qınadığı hər şeyi yalnız Qurana zidd olduğu üçün rədd etməli, bəyəndiyi bir şeyi yalnız Qurana uyğun olduğu üçün bəyənməli, qarşılaşdığı hər hadisədə Quranı rəhbər tutaraq qərar verib hərəkət etməlidir. Əlbəttə ki, bu dəyişiklik bir gündə ola bilməz. Quranın əvvəlcə öyrənilməsi, sonra da tətbiq edilməsi müəyyən vaxt tələb edir. Ancaq mühüm olan dəyişmək üçün niyyət etmək və bunda qərarlı davranmaqdır. Təbliğ edən insanın üzərinə düşən vəzifə isə əvvəlcə təbliğ etdiyi insanın dəyişməsi üçün onu təşviq etmək, sonra da onun Quran əxlaqını yaşamaqda etdiyi səhvləri gözəl dillə açıqlayaraq həmin şəxsə kömək etməkdir.
3. Dünya imtahan yeridir
Təbliğ edilən şəxs iman gətirdiyini deməklə “cənnət əhli” olduğunu zənn edə bilər. Ancaq iman gətirdiyini bəyan etmək Qurana əsaslanan uzun müddətli təlimin ilk addımıdır. Allah Quranda möminləri belə təsvir edir:
“...Rəbbimiz Allahdır!”– deyib sonra düz yol tutan kəslər...” (Fussilət surəsi, 30)
Allah insanın imanını sınamaq və kamilləşdirmək məqsədi ilə bir çox imtahan və əngəl yaratmasına baxmayaraq, iman gətirən insan bu doğru yoldan əsla azmaz . Bir ayədə belə bildirilir:
İnsanlar elə güman edirlər ki, təkcə: “İman gətirdik!”– demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər? Biz onlardan öncəkiləri də sınaqdan keçirmişdik. Sözsüz ki, Allah doğru danışanları da, yalançıları da aşkara çıxardacaqdır. (Ənkəbut surəsi, 2-3)
Əslində, müvəqqəti və qüsurlu olan dünyanın və yaşadığımız həyatın yaradılmasındakı əsas məqsədlərdən biri insanın imtahanıdır. Dünya insan üçün həqiqi yurd deyil, insanların sınanması üçün yaradılmış müvəqqəti “gözləmə salonu”dur. Quranda bu həqiqətdən belə bəhs edilir:
Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır. (Mülk surəsi, 2)
İnsanın sahib olduğu bədənin də ona bir məqsədlə verildiyini Allah belə buyurur: “Şübhəsiz ki, biz insanı qarışıq olan bir damcı sudan yaratdıq. Onu sınayırıq. Bu səbəbdən onu eşidən və görən etdik” (İnsan surəsi, 2).
Allah insanı fərqli-fərqli yollarla sınayır. Bunlardan ən əsası Allahın imtahan məqsədi ilə göstərdiyi çətinliklərdir. Bu hal Quranda belə açıqlanır:
“Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can və məhsul qıtlığı ilə imtahan edərik. Səbir edən şəxslərə müjdə ver!” (Bəqərə surəsi, 155)
Quranda da rəsulların və ya onların yolunu gedən möminlərin necə imtahan edilməsinə dair bir çox nümunələr var. İman gətirdiklərinə görə ailələrinin və ya ətrafındakıların təzyiqləri, böhtanlar, istehzalar, özlərinin etdiyi xətaları - bunların hamısı sınaqdır. Bu sıxıntı və çətinliklərdə möminin göstərməli olduğu davranış “...Mənə düşən gözəl bir səbirdir...” (Yusif surəsi, 18) deyərək heç vaxt Allahın rəhmətindən, yaxınlığından şübhə etmədən və hər növ çətinliyi yenə Allahın köməyi ilə dəf edəcəyini bilərək qəti qərarlılıq göstərməkdir.
Çətinliklər kimi nemətlər də imtahan səbəbidir. Allah insana verdiyi nemətlə onun kamilliyini, Ona olan sədaqətini sınayır.
Nemətlə sınanmaqda məqsəd möminin rifaha çatdıqda lovğalanmaq kimi bəsitlikdən uzaq olduğunun isbatlanmasıdır. Bu bəsitlik cahil xarakterli insanların ortaq vəsfidir. Əllərinə böyük sərvət və ya şöhrət keçdikdə lovğalanmağa, azğınlaşmağa, digər insanlara qarşı zalım və təkəbbürlü davranmağa başlayırlar. Ürəkləri qatılaşır, Allahdan tamamilə uzaqlaşırlar.
Halbuki nemət insana onu azğınlaşdırmaq üçün deyil, Allaha şükür etdirmək üçün verilir. Bunu düşünən mömin Qurandakı ifadə ilə desək, “dünya həyatının keçici bər-bəzəyindən” sadəcə olaraq Allahın rizasını qazanmaq üçün yararlanar, dünyəvi zövqləri və gözəllikləri sərf etmək üçün yarışmaz. Yaşadığı həyatda qarşısına çıxan heç bir şey təsadüfən baş vermir, mütləq necə davranacağını sınamaq üçün yaradılmış vəziyyətlə qarşı-qarşıyadır. Bunu bilən biri artıq dünyanın mühüm bir sirrindən agah olmuşdur. Beləliklə, Allaha razı olacağı ən gözəl, düzgün və ağıllı davranışı da göstərmiş olacaq.
Qısa dünya həyatında Rəbbi tərəfindən sınandığını qavrayan bir insan, deməli, dinin əsasını qavramışdır. Bu səbəbdən təbliğ edilən şəxs bu mövzuda əvvəlcədən maarifləndirilməlidir. Çünki həqiqətən iman gətirmişsə, qısa müddət ərzində müxtəlif çətinliklərlə qarşılaşacaq və səmimi imana sahib olub-olmadığı barədə Allah imtahan edəcək.
4. Din asandır və insanın fitrətinə uyğundur
Cahil cəmiyyətdə İslama edilən əlavələr: adət-ənənələr, yanlış inanclar və edilən bir çox kənar əlavələr nəticəsində ortaya tətbiqi çox çətin, azğın və yanlış din modeli çıxmışdır. Buna din əleyhdarlarının təbliğatları da əlavə edildikdə əksər insanlar İslamı tətbiqi çox çətin, insanı çətinliyə salan din kimi təsəvvür edirlər.
Ancaq bu tamamilə yanlış yanaşma tərzidir. İnsanı yaradan Allahdır və “Məgər yaradan bilməzmi? O, incəliyinə qədər biləndir; xəbərdardır” (Mülk surəsi, 14) ayəsində də bildirildiyi kimi, yaratdığı bəndəni ən yaxşı tanıyan, onun istək və ehtiyaclarını ən yaxşı bilən Odur. İnsanlar üçün müəyyən etdiyi dini də onlara ən uyğun şəkildə yaratmışdır. Məqsəd insanları çətinliyə salmaq yox, onların fitrətinə ən uyğun şəkildə Rəbblərini tanımaları, Ona qulluq etmələri, gerçək qurtuluş və xoşbəxtliyə çatmalarıdır. Bir ayədə Allah belə buyurur:
Allah yolunda lazımınca cihad edin. O, sizi seçdi və atanız İbrahimin dinində olduğu kimi, bu dində də sizin üçün heç bir çətinlik yaratmadı. Peyğəmbər sizə, siz də insanlara şahid olasınız deyə, Allah həm əvvəl (nazil etdiyi kitablarda), həm də bu (Kitabda) sizi müsəlman adlandırdı. Elə isə namaz qılın, zəkat verin və Allaha möhkəm sarılın. O sizin Himayədarınızdır. O nə gözəl Himayədar, nə gözəl Yardımçıdır! (Həcc surəsi, 78)
Bir başqa ayədə isə belə deyilir: “Biz Quranı sənə ona görə nazil etmədik ki, əziyyətə düşəsən. (Onu Allahdan) qorxanlar üçün ancaq nəsihət kimi (göndərdik)”. (Ta ha surəsi, 2-3) İslamın məqsədi insanları asan və rahat olana dəvət etmək və insanları ən rahat yaşayacaqları həyatla təmin etməkdir. Bu, Allahın rəhmətindəndir.
Quranda belə deyilir: “Allah istər ki, üzərinizdə olan ağırlığı yüngülləşdirsin, çünki insan zəif yaradılmışdır”. (Nisa surəsi, 28)
Bu həqiqət təbliğ edilən insana mütləq geniş şəkildə izah olunmalıdır. Bununla nəfsin dindən uzaq durmaq üçün gətirdiyi ən böyük bəhanələrdən biri aradan qalxmış olur. Dinin asanlığını insana açıqlayarkən onun cahiliyyədə öyrəndiyi din modelinin yanlışlıqları da göz önünə gətirilməli, İslamın bir parçası bildiyi xurafatlar onun beynindən silinməlidir.
5. Dində zorakılıq yoxdur, sərbəstlik var
Cahil cəmiyyət dinin çətin olduğuna inandığı qədər onun sıxıcı və azadlıqları məhdudlaşdıran olduğunu da düşünür. Bu yanlış məntiqə görə din insanlara müxtəlif məhdudiyyətlər qoyur və beləliklə də, onların sərbəstliyini çərçivəyə salır. Bu cəmiyyət içində özlərini “sərbəst” adlandıranlar da mümkün olduğu qədər dindən uzaqlaşır, hətta dinə qarşı çıxırlar.Ancaq həqiqət bunun tam əksinədir. Din sərbəstlik, dinsizlik isə təzyiq və əsarət gətirir.
Lakin bu həqiqətin qavranması üçün əvvəlcə insan ruhunun fitrəti bilinməlidir. Quranda bu mövzu açıq şəkildə bildirilmişdir və insan ruhunun “iki tərəfli” olduğu “Şəms” surəsində belə açıqlanmışdır:
And olsun günəşə və onun saçdığı şəfəqə! And olsun ondan sonra zühur edən aya! And olsun (günəşi) açıqlığa çıxardan gündüzə! And olsun (günəşi) bürüyən gecəyə! And olsun göyə və onu qurana! And olsun yerə və onu döşəyənə! And olsun nəfsə və onu yaradıb kamilləşdirənə, ona günahları və (Allahdan) qorxmağı təlqin edənə! Nəfsini (günahdan) təmizləyən uğur qazanmışdır. Onu (günaha) batıran isə ziyana uğramışdır. (Şəms surəsi, 1-10)
Ayələrdə göstərilir ki, Allah insanı yaradarkən onun nəfsinə (mənliyinə) həm pisliyi, həm də ondan qorunmağı, yəni yaxşılığı ilham etmişdir. İnsanın içində bu iki güc eyni anda olur. İnsan qurtuluşu üçün bu pislikdən qorunmağı seçməlidir, əks halda, məhv olar. Nəfsində pislik olduğunu qəbul etməz. Etmədiyi halda da bu pislikdən qorunacaq şüura sahib olmaz, ayənin ifadəsi ilə o, nəfsindəki pisliyin “üstünü örtər” və daxilində onu bəsləyər. Bir sözlə, nəfsinin pisliyi ona qalib gələr.
Nəfsin içindəki bu pisliyin varlığını qəbul edib ondan qorunmaq insana fəlahı, yəni qurtuluşu gətirir. Sərbəstlik isə bu fəlahın özüdür.
Çünki insanı öz təsirinə salan əsl güc nəfsindəki pislikdir. Bu pislik insanı xudbin edir, ona qısqanclığı təlqin edir. Daim bir inamsızlıq və gələcək qorxusu aşılayır. Ən pisi də insanın nəfsindəki bu gücə görə sonu gəlməyən istək və hərislik içində boğuşmasıdır. Nəfsindəki bu güc həmişə insana daha çox mal-dövlət yığmasını, çox pul qazanmasını və cəmiyyətdə mövqe əldə etməsini əmr edir. Halbuki bu istəklərin sonuna qədər təmin olunması mümkün deyil. Zəngin olmaq böyük hərislikdir, lakin bunu əldə etdikdən sonra da yeni istəklər yaranacaq. Beləliklə, bu istəklər bir-birinin ardınca davam edəcək. Əsl xoşbəxtliyi isə nəfsin bütün istəklərindən qurtulmaqla əldə etmək olar. Qurandakı ifadə ilə desək, “...Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır" (Həşr surəsi, 9).
İnsan bu həvəslərin əsarətindən qurtulduğu an azad olur. Bu halda insanın məqsədi bitib-tükənməz həvəsləri əldə etmək deyil, həyatdakı məqsədi yalnız Allahın razılığını qazanmaq olacaq ki, insan da elə bunun üçün yaradılmışdır.
Həqiqi sərbəstlik də elə budur. Allaha qul olmaq və beləliklə də, Allahdan başqa hər şeydən bağlılığını qoparmaq. Buna nümunə olaraq Quranda hz.İmranın həyat yoldaşının etdiyi duanı göstərmək olar:
Bir zaman İmranın arvadı demişdi: “Ey Rəbbim! Mən bətnimdəkini Sənə qul olmaq üçün nəzir etdim. Məndən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən”. (Ali-İmran surəsi, 35)
Hz.İbrahim atasına belə demişdir:
Bir zaman o, atasına demişdi: “Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir faydası olmayan bir şeyə sitayiş edirsən? (Məryəm surəsi, 42)
Peyğəmbərlər insanları nəfslərindəki pisliklərdən və ya başqa insanlara qul olmaqdan çəkindirməklə və onları yalnız Allaha qul olmağa dəvət etməklə məsuldurlar. İnsanlar yaradılış məqsədlərinə zidd olan bu azğınlıqlardan təmizləndikcə ağır yüklərdən xilas olurlar. Quranda peyğəmbər möminlərin “ağır yüklərini yüngülləşdirən və onları buxovlardan xilas edən” insan kimi təsvir edilir. (Əraf surəsi, 157)
Elə bu səbəbdən İslam cahil cəmiyyətin əksinə olaraq insana təzyiq göstərmir, onu sərbəstlik verir. Bunun təbliğ edilən şəxsə açıqlanması olduqca vacibdir. Mövzu yuxarıda izah etdiyimiz “azadlıq mənbəyi” kimi açıqlanmalı, həm də dini məcburiyyət və zorakılıq kimi bilməsinə səbəb olan xurafatlar və bidətlər (dinə sonradan əlavə olunmuş kənar ünsürlər) qarşı tərəfin zehnindən silinməlidir.
İslam demokratiyanı dəstəklədiyi üçün təbliğdə də təzyiq olmaz. Peyğəmbərimizə (səv) Allah Quranda bu əmri vermişdir:
Sən yalnız nəsihətçisən. Sən onların üstündə hökmdar deyilsən. (Ğaşiyə surəsi, 21-22)
Eyni mövzu barədə aşağıdakı ayədə də bildirilir:
Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir. Hər kəs tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah Eşidəndir, Biləndir. (Bəqərə surəsi, 256)
Təbliğ edilən şəxsə bu mövzu açıqlanmalı, nə İslamın qanunları, nə də onlarla yaxınlıq edən möminlər tərəfindən heç bir təzyiq və ya məcburiyyətlə qarşılaşmayacağı, bunun Quran əxlaqına zidd olduğu və Allahın razı olmadığı bir əxlaq olduğu izah olunmalıdır. Beləcə, cahillərin keçirdiyi yersiz həyəcan hissi ortadan qalxar və təbliğin qarşısındakı əngəllərdən biri də aradan götürülər.